Beynəlxalq əməkdaşlıq

Geri

DAMU

DAMU Sahibkarlığın İnkişafı Fondu ASC – əsas məqsədi Qazaxistan Respublikasında KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq, KOB-ları dəstəkləmək məqsədilə dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq olan dövlət fondudur.

 

 

2019-cu ilin oktyabr ayında Fond ilə “DAMU Sahibkarlığın İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti arasında sahibkarlığın təşviqi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandum əsasında tərəflərin birgə əməkdaşlığının təmin edilməsi üzrə Yol xəritəsinin tərtib edilməsinə dair qərar qəbul edilmiş və 2020-ci ilin 5 aprel tarixində Fondla DAMU arasında keçirilmiş görüşdə həmin Yol Xəritəsi qurumların rəhbərləri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Hazırda Yol Xəritəsinin icrası üzrə işlər davam etdirilir.

KOSGEB


Türkiyə Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyi (KOSGEB) -  Kiçik və Orta Biznes subyektlərinin iqtisadiyyatdakı rolunu gücləndirmək, müəssisələrin rəqabət gücünü artırmaq və sənayedə inteqrasiyasını iqtisadi inkişafa uyğun formada təşkil etmək üçün təsis edilmiş dövlət qurumudur.

 

 

KOSGEB və Fond arasında 2019-cu ilin iyul ayında “Əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Həmin Memoranduma əsasən, tərəflər arasında birgə əməkdaşlığın gələcək perspektivlərini özündə əks etdirən Fəaliyyət Planı hazırlanmış və 2020-ci ilin 28 fevral tarixində Fondda keçirilmiş görüşdə Fəaliyyət Planı hər iki qurumun rəhbəri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Hazırda Fəaliyyət Planının icrası üzrə işlər davam etdirilir.

 


AYİB

8 iyun 2022-ci il tarixdə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycanda korporativ sektorun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu” imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Memorandum ölkəmizdə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da yaxşılaşdırılması istiqamətində ilkin zərər riskinin bölüşdürülməsi/sığortalanması maliyyələşmə mexanizmlərinin həyata keçirilməsini, o cümlədən bu mexanizmlərin həyata keçiriləcəyi təqdirdə AYİB tərəfindən Sahibkarlığın İnkişafı Fondunun potensialının artırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar texniki dəstəyin göstərilməsini ehtiva edir.

Enterprise Georgia

Gürcüstan Respublikasının Enterprise Georgia Agentliyi - Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən kiçik və orta bizneslərin dəstəklənməsi, ixracın və ölkəyə investisiyanın təşviqi məqsədilə yaradılmış qurumdur.

 2023-cü ilin may ayında Gürcüstanın Tbilisi şəhərində hər iki qurumun rəhbəri tərəfindən Agentlik və Fond arasında əməkdaşlığı təcəssüm etdirən Anlaşma Memorandumu imzalanmışdır. Hazırda Memorandumda nəzərdə tutulan məsələlərin icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.


BMT-nin Qlobal Sazişi dünyanın bir çox ölkəsini əhatə edən 23 000-dən çox biznes tərəfdaşını özündə birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. Qlobal Saziş müəssisələri öz strategiyaları və fəaliyyətlərini hamılıqla qəbul edilmiş insan hüquqları, işçi hüquqları, ətraf mühit və korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərlə uyğunlaşdırmaq və BMT-nin “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə töhfə vermək üçün 2000-ci ildə yaradılmış bir çağırışdır.

BMT-nin Qlobal Sazişinin bizneslər arasında təbliği istiqamətində birgə səylərin gücləndirilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin yanvar ayından etibarən BMT-nin Qlobal Sazişinə üzvlük statusunu qazanmışdır.