Geri
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2012-ci il dekabrın 14-də Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda yerləşən 4 saylı qəsəbədə "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir.
Tədbir çərçivəsində Cəbrayıl rayonunun icra hakimiyyəti orqanlarının nümayəndələri və məcburi köçkün sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda yerləşən qəsəbələr üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının yaradılması;
- kiçik həcmli tikiş sexinin yaradılması;
- kiçik həcmli çörək və şirniyyat istehsalı sexinin yaradılması
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az