Geri
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planının müvafiq bəndlərinin icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il noyabrın 18-də Suraxanı rayonunun Əmircan qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirmişdir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- zeytunçuluq təsərrüfatlarının və müasir zeytun emalı fabrikinin yaradılması;
- faraş tərəvəz məhsullarının, eləcə də müxtəlif çiçəklərin yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması;
- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması;
- yeni texnologiyaların tətbiqi ilə müasir quş kəsimi fabrikinin yaradılması;
- kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması.
Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələrini Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu