Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən respublikada meyvə-tərəvəz məhsulları üzrə soyuducu anbar infrastrukturunun mövcud vəziyyətinin qiymətləndirilməsi və bu sahədə inkişaf ehtiyaclarının müəyyənləşdirilməsinə dair birgə araşdırmalar aparılmış və nəticələrinə dair qeniş hesabat hazırlanmışdır.
Araşdırma nəticəsində hazırda respublikada ümumi tutumu 672 min ton olan 168 ədəd soyuducu anbar komplekslərinin olduğu, bu anbarlardan ümumi tutumu 503 min ton olan 143-nün meyvə-tərəvəz saxlanılması üçün nəzərdə tutulduğu, tutumuna görə ən böyük anbarların Abşeron (276 min ton), Quba-Xaçmaz (101 min ton) və Gəncə-Qazax (97.1 min ton) iqtisadi rayonlarında yerləşdiyi müəyyən edilmişdir.
Eyni zamanda, araşdırma nəticəsində ölkə üzrə ehtimal olunan anbar ehtiyacının həcminin 835 min ton olduğu, mövcud anbar tutumu və tələbata görə mövsüm nəzərə alınmaqla əlavə 287 min tutuma malik müasir tələblərə cavab verən, əsas etibarilə tərəvəz (kartof, soğan) və xurma üçün anbarların yaradılmasına ehtiyac olduğu müəyyənləşdirilmişdir.
Müasir loqistik mərkəzlərin, eyni zamanda nisbətən kiçik tutumlu soyuducu anbarların yaradılması ilk növbədə respublikanın ixrac potensialının artmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təmin olunmasına öz töhfəsini verəcəkdir.
Qeyd olunanları nəzərə alaraq, Sahibkarlığın İnkişafı Fondu olaraq respublikanın müxtəlif reqionlarında o cümlədən meyvə-tərəvəz məhsulları istehsalı və iri istehlak mərkəzlərinə yaxın ərazilərdə soyuducu anbar komplekslərinin yaradılmasında marağı olan sahibkarlara yeni anbarların yaradılması üzrə maliyyə dəstəyi təklif edirik. Eyni zamanda sahibkarların nəzərinə çatdırmaq istəyirik ki, sözügedən fəaliyyət üzrə dövlətin bu sahədə mövcud olan digər dəstək (investisiya təşviq sənədi, lizinq və s.) mexanizmləri də tətbiq olunacaqdır.
İnvestisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə müvəkkil kredit təşkilatlarına, əlavə məlumatların əldə olunması üçün isə Sahibkarlığın İnkişafı Fonduna müraciət olunması tövsiyə olunur (tel: (+994 12) 310-23-01, e-mail: info@edf.gov.az).