252 Arxiv
Xəbərlər

Geri

Ağdaşda sahibkarlara güzəştli kreditlər verilmişdir 07.08.2013 / Konfranslar, iclaslar

skmf-bannerAvqustun 7-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağdaş rayonunun Şordəhnə kəndində keçirmişdir. Tədbirdə 80-dən çox sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Ağdaş rayonunun Ərəbocağı kəndində dövlətin güzəştli krediti ayrılmış cins iribuynuzlu heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.
Sonra Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdaş rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik həcmli cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Ağdaşda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov çıxışlarında ölkədə sosial-iqtisadi inkişafa nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Aran iqtisadi rayonunda, o cümlədən Ağdaşda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov çıxışında bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2697 investisiya layihəsinin maliyyələşdirilməsinə 208.4 milyon manat güzəştli kredit verildiyini bildirmişdir. Bu kreditlərin reallaşdırılması 8300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6320-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 300.7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 26800-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən 70 sahibkara 725.5 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən heyvandarlıq, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.