240 Arxiv
Xəbərlər

Geri

Dövlət Proqramının icrasından ötən dövr ərzində Bakı qəsəbələrində 133 milyon manat güzəştli kredit verilmişdir 24.07.2013 / Konfranslar, iclaslar

skmf-mashtaga-24.07.2013-1İyulun 24-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Sabunçu rayonunun Ramana qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış ildə 19,2 milyon ədəd polipropilen kisə istehsal etmək gücünə malik olan müəssisənin fəaliyyətinə baxış keçirilmişdir.
Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan kiçik və orta həcmli istixanaların, üzümçülük və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev dövlət başçısının diqqət və qayğısı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Sabunçu rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Sabunçu rayonunda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat vermişlər.
skmf-mashtaga-24.07.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında qeyd etmişdir ki, Fondun vəsaitləri hesabına 2013-cü ilin ötən dövrü ərzində 2536 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 196.5 milyon manat güzəştli kredit verilmişdir. Bildirilmişdir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 550 investisiya layihəsinin maliyyələşdirilməsinə 133 milyon manat (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması hesabına 4600-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 24 sahibkarlıq subyektinə 3.3 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, zəfəran istehsalı, şirniyyat məhsullarının, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına 300-ə yaxın yeni iş yerinin yaradılması mümkün olacaq.