239 Arxiv
Xəbərlər

Geri

Biləsuvar rayonunda məskunlaşan məcburi köçkün sahibkarlara güzəştli kredit verilmişdir 12.07.2013 / Konfranslar, iclaslar

skmf-bilesuvar-12.07.2013-1İyulun 12-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı 4 saylı qəsəbədə keçirmişdir. Tədbirdə 100-dək məcburi köçkün sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi güzəştli kreditlər hesabına maliyyələşdirilmiş məcburi köçkün sahibkarlar Elçin Quliyev və Şəmşir Məmmədquliyevin Biləsuvar rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarına baxış keçirilmişdir.
Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Biləsuvar rayonunda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli çörək istehsalı müəssisəsinin, cins heyvandarlıq təsərrüfatlarının, nar bağlarının və müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirmiş, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, məcburi köçkünlər arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Nazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, Aran iqtisadi rayonunda, o cümlədən məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçirilən layihələr barədə məlumat vermişlər.
skmf-bilesuvar-12.07.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 2327 investisiya layihəsinin maliyyələşdirilməsinə 188,6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 7700-dən çox yeni iş yerinin yaradılmasına imkan yaratmışdır. Güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Şirzad Abdullayev indiyədək 1000-dən çox məcburi köçkün sahibkara 21 milyon manat, o cümlədən 2013-cü ilin ötən dövrü ərzində 150 məcburi köçkün sahibkara 2,2 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) verildiyini diqqətə çatdırmışdır. Bu kreditlər hesabına 2200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 4 investisiya layihəsinin maliyyələşdirilməsinə 14,3 milyon manat güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 3-ü istifadəyə verilmiş, digər 1 müəssisədə tikinti-quraşdırma işləri aparılır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar rayonundakı 4 saylı qəsəbədə məskunlaşmış Cəbrayıl rayonundan olan 30 məcburi köçkün sahibkara 257 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 30 yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbirdə çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.