236 Arxiv
Xəbərlər

Geri

Bu ilin ötən dövründə 2150-dən çox sahibkara 183 milyon manatdan çox güzəştli kreditlər verilmişdir 05.07.2013 / Konfranslar, iclaslar

skmf-xachmaz-05.07.2013-1İyulun 5-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Xaçmaz rayonunun Xudat şəhərində keçirmişdir. Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 200-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Xaçmaz rayonunun Köhnə Xudat kəndində güzəştli kredit ayrılmış soyuducu anbar və istixana komplekslərinin fəaliyyətinə baxış keçirilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən prioritet hesab olunan müasir çörək zavodunun, heyvandarlıq kompleksinin, kiçik və ya orta həcmli intensiv bağçılıq və müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Haqverdiyev ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər bölgələrdə olduğu kimi, Xaçmazda da yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, regionların inkişafında uğurla həyata keçirilən məqsədli dövlət proqramlarının xüsusi əhəmiyyətini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Quba-Xaçmaz iqtisadi rayonunda, o cümlədən Xaçmazda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.
skmf-xachmaz-05.07.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 2150-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 183 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 7500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilmişdir ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1319 investisiya layihəsinin maliyyələşdirilməsinə 109,8 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla) ayrılmışdır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 54 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər əsasən, turizm, heyvandarlıq, quşçuluq, arıçılıq, toxumçuluq, bağçılıq və s. sahələrinin inkişafına yönəldiləcəkdir. Verilmiş kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.