248 Arxiv
Xəbərlər

Geri

Şüvəlanda sahibkarlara 4,8 mln manat güzəştli kredit verilmişdir 28.06.2013 / Konfranslar, iclaslar

skmf-xezer-shuvelan-28.06.2013-1İyunun 28-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirmişdir.
Tədbirdən əvvəl Bakıxanov qəsəbəsində əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş müasir çörək istehsalı zavodunun yeni istehsal sahəsinin fəaliyyətinə baxış keçirilmişdir.
Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan istixana və zəfərançılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmişdir.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Ələkbər Heydərov "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Xəzər rayonunun sosial-iqtisadi inkişafında xüsusi rolunu vurğulamış, rayonda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu vurğulamış və Bakının şəhərətrafı kənd və qəsəbələrində Dövlət Proqramı çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Bakının ətraf kənd və qəsəbələrində sahibkarlara skmf-xezer-shuvelan-28.06.2013-2verilən güzəştli kreditlər, bu kreditlər hesabına reallaşdırılan layihələr, yeni yaradılan iş yerləri və həyata keçiriləcək işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası dövründə müvəkkil kredit təşkilatları vasitəsilə Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 536 investisiya layihəsinin maliyyələşdirilməsinə 129,7 milyon manat güzəştli kreditlər verilmişdir. Bu layihələrin reallaşması 4600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 26 sahibkarlıq subyektinə 4,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 240-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.