237 Arxiv
Xəbərlər

Geri

2013-cü ilin ötən dövründə 1700-dən çox sahibkara 155,8 milyon manat güzəştli kredit verilmişdir 07.06.2013 / Konfranslar, iclaslar

skmf-zaqatala-07.06.2013-1İyunun 7-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Zaqatala rayonunun Aşağı Tala kəndində keçirmişdir. Tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Oğuz rayonunda güzəştli kredit ayrılmış taxıl anbarı kompleksinə və qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir.
Sonra tədbir iştirakçıları üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və rayonda prioritet hesab olunan müasir heyvandarlıq kompleksi, çayçılıq, taxılçılıq və tütünçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər regionları kimi, Zaqatalanın da sosial-iqtisadi mənzərəsinin dəyişdiyini, rayonda yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Şəki-Zaqatala regional bölməsinin müdir müavini Tural Xəlilov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Zaqatalada görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat vermişlər.
skmf-zaqatala-07.06.2013-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1721 investisiya layihəsinin maliyyələşdirilməsinə 155,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması 6400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Qeyd edilmişdir ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 1366 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla 81,8 milyon manat kredit verilmişdir.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Zaqatala və ətraf rayonlarda fəaliyyət göstərən 50 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 840 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, taxılçılıq, arıçılıq, bağçılıq, xalçaçılıq, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına 150-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.