241 Arxiv
Xəbərlər

Geri

Bu ilin ötən dövründə 1420-dən çox sahibkara 145,6 milyon manat güzəştli kreditlər verilmişdir 23.05.2013 / Konfranslar, iclaslar

skmf-qebele-1Mayın 23-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Qəbələ rayonunun Hacallı kəndində keçirmişdir. Tədbirdə Qəbələ və ətraf rayonlarda fəaliyyət göstərən 80-dək sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Qəbələ rayonunun Böyük Əmili kəndində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit ayrılmış illik 6,7 min ton süd istehsal gücü olan 1000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qəbələ rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən prioritet hesab olunan bağçılıq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Rahib Əhmədov son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının diqqət və qayğısı nəticəsində məşğulluq səviyyəsinin yüksəldiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Qəbələdə də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Hazırda bu sahədə işlər davam etdirilir.
skmf-qebele-2Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Şəki-Zaqatala regional bölməsinin müdiri Qalib Məsimov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Qəbələ rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində 1421 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,6 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 5300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İndiyədək (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1350 investisiya layihəsinin maliyyələşdirilməsinə 81,2 milyon manat güzəştli kredit verilmişdir.
Tədbirin sonunda Qəbələ rayonu və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkar 767,5 min manat güzəştli kredit almışdır. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər əsasən, taxılçılıq, heyvandarlıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcəkdir.