Geri
Mayın 17-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağdam rayonunun Xındırıstan kəndində keçirmişdir. Tədbirdə 90-a yaxın məcburi köçkün sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Ağdam rayonunun Əfətli kəndində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş ildə 3,4 min ton süd və 115 ton ət istehsal etmək gücünə malik olan 450 başlıq cins iribuynuzlu müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.
Sonra tədbir iştirakçıları üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir soyuducu anbar kompleksinin, kiçik və ya orta həcmli tərəvəz emalı, kiçik həcmli çörək istehsalı müəssisəsinin və kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirmiş, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Nazirliyin Yuxarı Qarabağ regional bölməsinin müdiri Aslan Aslanov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, Yuxarı-Qarabağ iqtisadi rayonunda, o cümlədən məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçirilən layihələr barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, bu ilin ötən dövrü ərzində 1397 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 145,3 milyon manat güzəştli kredit verilmişdir ki, bu layihələrin reallaşdırılması 5300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Şirzad Abdullayev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq indiyədək Fond tərəfindən 971 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 20,3 milyon manat kredit verilmişdir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən 62 məcburi köçkün sahibkara 685,9 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ümumiyyətlə, indiyədək Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 689 investisiya layihəsinin maliyyələşdirilməsinə 17,4 milyon manat güzəştli kredit verilmişdir.
Tədbirdə çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.