249 Arxiv
Xəbərlər

Geri

Gədəbəydə 42 sahibkara 3,8 mln. manat güzəştli kredit verilmişdir 03.05.2013 / Konfranslar, iclaslar

skmf-gedebey-03.05.2013-1Mayın 3-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Gədəbəy rayonunun Zəhmət kəndində keçirmişdir. Tədbirdə 150-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Gədəbəy rayonunun Slavyanka kəndində müasir soyuducu anbar kompleksinin, süd emalı zavodunun və kartof emalı müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir.
Tədbirdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd etmişdir. Bildirilmişdir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Gədəbəydə də quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri, yeni iş yerləri açılmışdır. Dövlət Proqramının icrası hazırda da uğurla davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov əlverişli biznes və investisiya mühitinin yaradılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Gədəbəydə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişdir.
skmf-gedebey-03.05.2013-2Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gədəbəy rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən Gədəbəy rayonunda prioritet hesab olunan intensiv kartofçuluq və ya yüksək məhsuldar kartof toxumçuluğu, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Arif Vəliməmmədov bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1109 investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatadək güzəştli kredit verildiyini, bu kreditlər hesabına 4300-dən çox yeni iş yerinin yaradılacağını qeyd etmişdir. Bildirilmişdir ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 101.2 milyon manat güzəştli kreditlər verilmişdir. Verilmiş güzəştli kreditlər hesabına reallaşdırılan layihələr 18400-dək yeni iş yerlərinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə bu gün verilən kreditlər də daxil olmaqla Gədəbəy və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkara 3.8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər kənd təsərrüfatı məhsullarının emalı, heyvandarlıq və tərəvəzçiliyin inkişafına yönəldiləcək. Verilmiş kreditlər hesabına 260-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.