245 Arxiv
Xəbərlər

Geri

Şirvan şəhərində sahibkarlara güzəştli kreditlər verilmişdir 19.04.2013 / Konfranslar, iclaslar

 

skmf-bannerAprelin 19-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsində keçirmişdir. Tədbirdə 80-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş İmişli rayonunun Qaragüvənli kəndində "Araz Damazlıq" MMC-nin quşçuluq fabrikinin fəaliyyətinə və tikintisinə yeni başlanılmış korpusda aparılan işlərə baxış keçirilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şirvan şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən prioritet hesab olunan kiçik və orta həcmli istixana və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd etmişdir. Bildirilmişdir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Şirvanda da quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri, yeni iş yerləri açılmışdır. Dövlət Proqramının icrası hazırda da uğurla davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov əlverişli biznes və investisiya mühitinin yaradılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Şirvanda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 923 investisiya layihəsinin maliyyələşdirilməsinə 97,8 milyon manat güzəştli kredit verildiyini, bu kreditlər hesabına 3200-ə yaxın yeni iş yerinin yaradılacağını qeyd etmişdir. Bildirilmişdir ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5470-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 275,9 milyon manat güzəştli kreditlər verilmişdir. Tədbirdə həmçinin, Şirvan şəhərinin sənaye potensialının reallaşdırılması ilə bağlı müzakirələr aparılmış və sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Şirvan şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkara 2,9 mln. manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 130-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ayrılmış kreditlər kənd təsərrüfatı sahəsində sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.