229 Arxiv
Xəbərlər

Geri

İsmayıllıda müasir çörək zavodu istifadəyə veriləcəkdir 12.04.2013 / Konfranslar, iclaslar

skmf-bannerAprelin 12-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini İsmayıllı rayonunun Diyallı kəndində keçirmişdir. Tədbirdə 150 sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl İsmayıllıda Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kreditlər hesabına maliyyələşdirilmiş "İsmayıllı Quşçuluq" ASC-nin damazlıq yumurta istehsalı müəssisəsinə və sahibkar Ədalət Məmmədova məxsus üzümçülük təsərrüfatına baxış keçirilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən prioritet hesab olunan müasir soyuducu anbar, heyvandarlıq kompleksi və quşçuluq təsərrüfatının, bağçılıq, o cümlədən üzümçülük və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamış, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd etmişdir. Bildirilmişdir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, İsmayıllı rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri, yeni iş yerləri açılmışdır. Dövlət Proqramının icrası hazırda da uğurla davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov əlverişli biznes və investisiya mühitinin yaradılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İsmayıllı rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev İsmayıllı rayonunda Fond tərəfindən maliyyələşdirilmiş layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 729 investisiya layihəsinin maliyyələşdirilməsinə 84,8 milyon manat güzəştli kredit verilmişdir. Bu investisiya layihələrinin reallaşdırılması 2680-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 58 sahibkara 606 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər əsasən, heyvandarlıq, üzümçülük, arıçılıq, xalçaçılığın inkişafına yönəldiləcəkdir. Güzəştli kreditlər hesabına İsmayıllı rayonunun İvanovka kəndində inşa olunan illik istehsal gücü 5,6 min ton olan müasir çörək zavodu yaxın vaxtda istifadəyə veriləcək. Bu investisiya layihəsinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 mln. manata yaxın güzəştli kredit verilmişdir. Ümumiyyətlə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 850-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 25,1 milyon manat güzəştli kredit verilmişdir.