247 Arxiv
Xəbərlər

Geri

Nardaranda sahibkarlara güzəştli kreditlər verilmişdir 19.03.2013 / Konfranslar, iclaslar

skmf-bannerMartın 19-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Nardaran qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Ramana qəsəbəsində əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş tara istehsalı müəssisəsində aparılan tamamalama işlərinə baxış keçirilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Sabunçu rayonunun sosial-iqtisadi inkişafında xüsusi rolunu vurğulamış, rayonda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı qəsəbələrində icra olunan layihələr, görülən genişmiqyaslı işlərdən danışmışlar.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, bu ilin ötən dövrü ərzində bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 581 sahibkara 67,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 448 investisiya layihəsinin maliyyələşdirilməsinə 103,2 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 3500-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 100 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, tərəvəzçilik sahəsinin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.