253 Arxiv
Xəbərlər

Geri

Qubada sahibkarlara güzəştli kreditlər verilmişdir 15.03.2013 / Konfranslar, iclaslar

Martın 15-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Quba rayonunun İkinci Nügədi kəndində keçirmişdir. Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 100-dək sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Qubada Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş müasir soyuducu anbar kompleksinə, meyvə bağlarına və meyvələrin çeşidlənməsi və qablaşdırılması müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, intensiv bağçılıq təsərrüfatlarının, müasir alma konsentratı istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını vurğulamış, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd etmişdir. Bildirilmişdir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Quba rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılmış, əhalinin məşğulluq səviyyəsi artmışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Qubada görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və 2013-cü ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, 2013-cü ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 519 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla 66,7 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 2100-dən artıq yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edək ki, Qubada təşkil edilmiş "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 43 sahibkar 961 min manat güzəştli kredit almışdır. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər əsasən, bağçılıq, heyvandarlıq, gülçülük sahələrinə, istixana kompleksinin inşasına yönəldiləcəkdir. Ümumiyyətlə isə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1206 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,1 milyon manat güzəştli kredit verilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.