229 Arxiv
Xəbərlər

Geri

Cəlilabadda yeni emal müəssisələrinin yaradılmasına güzəştli kreditlər verilmişdir 07.03.2013 / Konfranslar, iclaslar

skmf-celilabad-07.03.2013-01Martın 7-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Cəlilabadda keçirmişdir. Tədbirdə 100-dək sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Cəlilabadda əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş müasir soyuducu və taxıl anbarı komplekslərinin fəaliyyətinə baxış keçirilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, rayon üçün prioritet hesab olunan iri taxılçılıq təsərrüfatlarının, intensiv çiyələk əkini və emalı müəssisəsinin, kartofçuluq təsərrüfatlarının, nişasta istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının və üzümqurutma müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamışdır. Bildirilmişdir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılmışdır.
skmf-celilabad-07.03.2013-02.02İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Cəlilabadda görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2013-cü ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələrin müasir südlük və ətlik istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının, ət kəsimi və emalı, çörək istehsalı müəssisələrinın, iri taxılçılıq, üzümçülük təsərrüfatlarının, meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinın, istixana, soyuducu, taxıl anbarı komplekslərinın, sənaye müəssisələrinin yaradılması, kiçik sahibkarlığın inkişafı üzrə investisiya layihələri olduğunu vuğulamışdır. Qeyd edilmoşdir ki, bu ilin ötən dövrü ərzində artıq 479 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 milyon manat güzəştli kredit verilmişdir.
Cəlilabadda keçirilən tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Cəlilabad və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkara 615 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu kreditlər əsasən heyvandarlıq, quşçuluq, üzümçülük, toxumçuluq, tərəvəzçilik, tikinti materialları istehsalı və s. sahələrə yönəldiləcəkdir. Ümumiyyətlə isə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1288 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,5 milyon manat kredit verilmişdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.