Geri
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 8-də Yevlax rayonunun Aran qəsəbəsində keçirmişdir. Tədbirdə 80-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Yevlax rayonunun Kolanı kəndində əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış güzəştli kredit hesabına maliyyələşdirilmiş istixana kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.
Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yevlax rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq və istixana təsərrüfatlarının, yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi Yevlax rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Yevlaxda görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, 2013-cü ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd edilmişdir ki, bu ilin ötən dövrü ərzində 233 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 27.4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması 1100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun güzəştli kreditləri hesabına indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5200-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 261 milyon manatdan çox vəsait verilmişdir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Yevlax və ətraf rayonlarda fəaliyyət göstərən 46 sahibkara 3.6 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 120-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər heyvandarlıq, polietilen boru, qapı-pəncərə, mebel istehsalı və s. sahələrə yönəldiləcəkdir.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.