301 Arxiv
Xəbərlər

Geri

2013-cü ilin yanvar ayı ərzində 132 sahibkara 21.4 milyon manat güzəştli kredit verilib 31.01.2013 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən sahibkarların müasir istehsal, emal və infrastruktur layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini davam etdirir. Yanvarın 31-də Fond Xəzər rayonunun Binə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini keçirmişdir. Tədbirdə 70-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış güzəştli kredit hesabına maliyyələşdirilmiş Binə qəsəbəsində İstixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.
Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun və istixana şəraitində müasir şitilçilik təsərrüfatının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Ələkbər Heydərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Xəzər rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Xəzər rayonunda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr və 2013-cü ildə Fondun vəsaitlərinin yönəldiləcəyi prioritet sahələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 415 investisiya layihəsinin maliyyələşdirilməsinə 82.6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması 3200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 15 sahibkarlıq subyektinə 10.6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, bu ilin yanvar ayı ərzində 132 sahibkarlıq subyektinə 21.4 milyon manat, o cümlədən Bakı şəhəri və onun qəsəbələrində fəaliyyət göstərən 15 sahibkara 10.6 milyon manat güzəştli kreditlərin verilməsi təmin edilmişdir. Bu kreditlər hesabına 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.