249 Arxiv
Xəbərlər

Geri

Ağcabədidə sahibkarlara bir milyon manatadək güzəştli kredit verilmişdir 24.01.2013 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2013-cü ilin növbəti tədbirini yanvarın 24-də Ağcabədi rayonunun Ağabəyli kəndində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş "Atena süd zavodu"nda keçirmişdir. Tədbirdə Aran iqtisadi rayonuna daxil olan şəhər və rayonlarda fəaliyyət göstərən 60-dək sahibkar iştirak etmişdir.
Əvvəlcə "Atena süd zavodu"nun 3000 başlıq müasir cins heyvandarlıq kompleksinin və illik emal gücü 90 min ton olan zavodun fəaliyyətinə baxış keçirilmişdir.
Tədbirdə Ağcabədi rayonunda maliyyələşdirilməsi prioritet hesab olunan müasir çörək zavodunun, kiçik cins heyvandarlıq və südlük istiqamətli müasir cins keçi təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Ağcabədidə iqtisadi, sosial və mədəni sahədə həyata keçirilən tədbirlər, o cümlədən rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə 2013-cü ildə görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini bildirmiş, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat vermişdir. Nazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, iqtisadi rayonlarda, o cümlədən Ağcabədidə görülən işlər və həyata keçiriləcək tədbirlərdən bəhs etmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2012-ci ildə Fondun fəaliyyətinin yekunları, 2013-cü ildə qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Fondun vəsaitlərinin yönəldiləcəyi prioritet sahələri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Qeyd olunmuşdur ki, güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatın ödənilməsinə xidmət edən müasir heyvandarlıq komplekslərinin yaradılması xüsusi əhəmiyyətə malikdir. Son illər Fond vasitəsilə Respublikada 9650 başlıq (illik istehsal gücü 70.7 min ton süd olan) və 3000 başlıq (illik istehsal gücü 1.7 min ton ət olan) 10 cins iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına 44.5 milyon manat güzəştli kredit verilmişdir. Bu komplekslərdən 7-si istifadəyə verilmiş, digər 3 kompleksdə isə tikinti-quraşdırma işləri aparılır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağcabədi və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara 1 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına reallaşacaq layihələr 80-dək yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edək ki, Ağcabədidə verilmiş kreditlər də daxil olmaqla bu ilin ötən dövrü ərzində 110 sahibkara 11.1 milyon manat güzəştli kreditin verilməsi təmin olunmuşdur. Bu kreditlər hesabına reallaşdırılacaq layihələr nəticəsində 600-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.