247 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsinə başlanmışdır 18.01.2013 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2013-cü ildə ilk tədbirini yanvarın 18-də Ağsu rayonunun Pirhəsənli kəndində keçirmişdir. Tədbirdə Ağsu və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl Ağsu rayonunda əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit hesabına maliyyələşdirilmiş üzümçülük təsərrüfatında aparılan işlərə baxış keçirilmişdir.
Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağsu rayonunda maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan bağçılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Ağsu rayonunda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini bildirmiş, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Ağsuda görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat vermişlər.Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, 2012-ci ildə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 218 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən il Dağlıq Şirvan iqtisadi rayonu üzrə 160 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 4 milyon manatdan çox güzəştli kredit verilmişdir. Şirzad Abdullayev 2013-cü ildə Fondun vəsaitlərinin yönəldiləcəyi prioritet sahələri tədbir iştirakçılarının diqqətinə çatdırmış və qeyd etmişdir ki, artıq sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsinə başlanılmışdır. Belə ki,bu ilin ötən dövrü ərzində 50-yə yaxın sahibkara 8,4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərin reallaşdırılması 470 yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağsu və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 374,5 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 70-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdiriləcəkdir.