250 Arxiv
Xəbərlər

Geri

Məcburi köçkün sahibkarlara güzəştli kredit verilmişdir 14.12.2012 / Konfranslar, iclaslar

skmf-cebrayil-2012-01İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini dekabrın 14-də Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 4 saylı qəsəbədə keçirmişdir. Tədbirdə 200-dək sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkün iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilmiş məcburi köçkün sahibkarlar Sərvət Sədiyev və Şükür Bayramovun Biləsuvar rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarına baxış keçirilmişdir.
Tədbir çərçivəsində Biləsuvar rayonunun, o cümlədən məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan cins heyvandarlıq təsərrüfatının, kiçik həcmli tikiş sexinin, çörək və şirniyyat istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanmışdır.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirmiş, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bu sahədə məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Nazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, Aran iqtisadi rayonunda, o cümlədən məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçirilən layihələr barədə məlumat vermişlər.
skmf-cebrayil-2012-02Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 2417 investisiya layihəsinin maliyyələşdirilməsinə 211 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 9000-dən çox yeni iş yerinin yaradılması təmin olunmuşdur. Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Şirzad Abdullayev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Fondun vəsaitləri hesabına indiyədək 892 məcburi köçkün sahibkara 18.9 milyon manat, o cümlədən 2012-ci ilin ötən dövrü ərzində 231 məcburi köçkün sahibkara 9.2 milyon manat güzəştli kredit verildiyini diqqətə çatdırmışdır. Bu kreditlər hesabına 2000-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 5 investisiya layihəsinin maliyyələşdirilməsinə 13.8 milyon manat güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 3-ü istifadəyə verilmiş, digər 2 müəssisə üzrə tikinti-quraşdırma işləri aparılır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar rayonundakı 4 saylı qəsəbədə məskunlaşmış Füzuli və Cəbrayıl rayonlarından olan 34 məcburi köçkün sahibkara 188 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbirdə çıxış edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.