Geri
Dekabrın 7-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Qobustan rayonunda keçirmişdir. Tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Şamaxı rayonunda üzümçülük və arıçılıq təsərrüfatlarına baxış keçirilmişdir.
Tədbir çərçivəsində Qobustan rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan cins heyvandarlıq, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanmışdır.
Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Allahyar Atakişiyev Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Nazirliyin Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Dağlıq Şirvan iqtisadi rayonunda dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçiriləcək layihələr barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2327 investisiya layihəsinin maliyyələşdirilməsinə 209 milyon manatdan çox güzəştli kredit verilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8800-dək yeni iş yerinin yaradılmasına imkan verir. Şirzad Abdullayev həmçinin qeyd etmişdir ki, Dağlıq Şirvan iqtisadi rayonunda indiyədək 783 sahibkara 24.2 milyon, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 11 layihənin maliyyələşdirilməsinə 11.1 milyon manat güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 5-i istifadəyə verilmiş, qalan 6 müəssisə üzrə tikinti-quraşdırma işləri aparılır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qobustan və ətraf rayonlarda fəaliyyət göstərən 50 sahibkarlıq subyektinə 443 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 70-dən cox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.