239 Arxiv
Xəbərlər

Geri

Yardımlıda sahibkarlara güzəştli kreditlər verilmişdir 30.11.2012 / Konfranslar, iclaslar

Noyabrın 30-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Yardımlı rayonunda keçirmişdir. Tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Cəliabad rayonunda sahibkar Əliheydər Salmanlıya məxsus üzümçülük təsərrüfatına və Yardımlı rayonunun Sırıq kəndində sahibkar Cabir Ağayevin arıçılıq təsərrüfatına baxış keçirilmişdir.
Tədbir çərçivəsində Yardımlı rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli meyvə emalı müəssisələrinin, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanmışdır.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illər Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə həyata keçirilən məqsədli dövlət proqramlarının regionların inkişafında xüsusi əhəmiyyətini qeyd etmiş, onların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafının daha da sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsinin iqtisadiyyatda özəl bölmənin rolunun artmasında rolunu diqqətə çatdırmışdır.
Nazirliyin Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov Lənkəran iqtisadi rayonunda dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçiriləcək layihələr barədə məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu ilin ötən dövründə Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 2293 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manata yaxın güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 8600-dən çox yeni iş yerinin yaradılması təmin olunmuşdur.
Lənkəran iqtisadi rayonunda indiyədək 1200-dən çox sahibkara 47.7 milyon manat, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslanan 19 layihənin maliyyələşdirilməsinə 20.8 milyon manat güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 14-ü istifadəyə verilmiş, qalan 5 müəssisə üzrə tikinti-quraşdırma işləri aparılır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Yardımlı və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkarlıq subyektinə 740 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.