230 Arxiv
Xəbərlər

Geri

İmişlidə müasir yumurta istehsalı fabriki və yem zavodu tikilir 15.11.2012 / Konfranslar, iclaslar

Noyabrın 15-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini İmişli rayonunun Bəhramtəpə qəsəbəsində keçirmişdir. Tədbirdə 150-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl İmişli rayonunda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına  maliyyələşdirilmiş "Kristal Fermer" MMC-nin əmtəəlik yumurta istehsalı və "İmişli Quşçuluq" MMC-nin quş əti və yem istehsalı müəssisələrində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində İmişli rayonunun, o cümlədən Bəhramtəpə qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan iri taxılçılıq təsərrüfatının, heyvandarlıq kompleksinin, soyuducu anbarın, kiçik və orta həcmli bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanmışdır.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Nazirliyin Aran regional bölməsinin müdir müavini İlham Qəribov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Aran iqtisadi rayonunda dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçiriləcək layihələr barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, 2012-ci ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2161 investisiya layihəsinin maliyyələşdirilməsinə 196,5 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 8200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu ilin ötən dövrü ərzində Aran iqtisadi rayonunda 925 sahibkara 62,8 milyon manat güzəştli kredit verilmişdir. Ümumilikdə isə, indiyədək 5000-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 246 milyon manatadək, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslanan 66 layihənin maliyyələşdirilməsinə 142,4 milyon manat güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 44-ü istifadəyə verilmiş, qalan 22 müəssisədə isə tikinti-quraşdırma işləri aparılır.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İmişli və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkarlıq subyektinə 508 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, kənd təsərrüfatı məhsullarının istehsalına yönəldiləcəkdir. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.