242 Arxiv
Xəbərlər

Geri

Bakı şəhərində və onun qəsəbələrində dövlətin güzəştli kreditləri hesabına yeni istehsal və emal müəssisələri yaradılır 02.11.2012 / Konfranslar, iclaslar


skmf-keshle-01Noyabrın 2-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Nizami rayonunun Keşlə qəsəbəsində keçirmişdir. Tədbirdə 150-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri maliyyələşdirilmiş Xətai rayonu, Əhmədli qəsəbəsində inşa olunan "Xəzri TN" MMC-nin gündəlik istehsal gücü 140 ton çörək istehsalı olan zavodunun tikinti işlərinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Nizami rayonunun, o cümlədən Keşlə qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı, kiçik və ya orta həcmli toxuculuq və tikişçilik müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində paytaxt Bakının hər yerində olduğu kimi, Nizami rayonunda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

skmf-keshle-02İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı şəhərində və onun qəsəbələrində görülən işlər  barədə məlumat vermişlər.  Həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər nəticəsində lisenziya və sertifikatların alınması, eləcə də icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə sahibkarlara ətraflı məlumat verilmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2128 investisiya layihəsinin maliyyələşdirilməsinə 195,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 8200-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasına başlanandan ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı şəhəri və onun qəsəbələri üzrə 375 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 38 layihənin maliyyələşdirilməsinə 68,9 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrdən 18-i başa çatdırılmış, o cümlədən 5 istixana, 5 quşçuluq təsərrüfatı, 4 çörək zavodu, 1 yeyinti sənayesi məhsulları istehsalı və 1 ət emalı müəssisəsi, 1 mebel fabriki və 1 tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilmişdir. Daha sonra sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkarlıq subyektinə 10,9 mln. manatdan çox güzəştli kredit verilmişdir. Verilmiş kreditlər istixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının, polipropilen kisələrin istehsalı, mebel istehsalı, çörək istehsalı, quşçuluq, heyvandarlıq, tərəvəzçilik və s. sahələrə yönəldiləcəkdir. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 450-yə yaxın yeni iş yerinin açılmasına imkan verəcəkdir.