241 Arxiv
Xəbərlər

Geri

Qusarda sahibkarlara güzəştli kreditlər verilmişdir 12.10.2012 / Konfranslar, iclaslar

 

Oktyabrın 12-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Qusar rayonunun Balaqusar kəndində keçirmişdir. Tədbirdə 80-ə yaxın sahibkar iştirak etmişdir.

 Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit ayrılmış Qusar rayonunda tutumu 2 min ton olan müasir soyuducu anbar kompleksinin, 7 hektar sahədə yaradılmış tingçilik təsərrüfatının fəaliyyətinə, tutumu 3 min ton olan, çeşidləmə və qablaşdırılma avadanlıqları ilə təchiz olunan müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə, 30 hektar ərazidə yeni meyvə bağının salınması ilə bağlı aparılan əkinqabağı hazırlıq işlərinə, 85 hektar sahədə yeni salınmış üzüm bağına baxış keçirilmişdir.

  Sonra öz işinə başlayan tədbirdə Qusar rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir heyvandarlıq kompleksinin, çörək zavodunun, süd emalı müəssisəsinin, üzümçülük, bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələrin nümunələri, digər metodiki materiallar paylanmışdır.

  “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluğun səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmişdir. Qeyd olunmuşdur ki, sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Qusarda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

  İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdirinin müavini Elçin İbrahimov və Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov çıxışlarında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə məlumat vermişlər.

   Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə 2050-dən çox sahibkara 181,8 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına7500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilmişdir ki, Quba-Xaçmaz iqtisadi rayonunda indiyədək 1156 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 100 milyon manatadək, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslan 31 layihənin maliyyələşdirilməsinə 57,8 milyon manatadək güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 21-i istifadəyə verilmiş, 10 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulur.

    Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qusar və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkarlıq subyektinə 8 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

  “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.