241 Arxiv
Xəbərlər

Geri

Sahibkarlara güzəştli kreditlər verilmişdir 04.10.2012 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini oktyabrın 4-də Biləsuvar rayonunda keçirmişdir. Tədbirdə 80-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Biləsuvar rayonunda “Natural Greenland” MMC-nin konserv zavodunun fəaliyyətinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Biləsuvar rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir meyvə emalı müəssisəsinin, heyvandarlıq kompleksinin, üzümçülük, bağçılıq və tərəvəzçilik  təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi investisiya layihələri, metodiki materiallar paylanmışdır.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev son illər Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Nazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Aran iqtisadi rayonunda dövlət proqramları çərçivəsində görülmüş  və həyata keçiriləcək layihələr barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, bu ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2050-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 173.8 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 7500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilmişdir ki, 2012-ci ilin əvvəlindən Aran iqtisadi rayonunda 870-dən çox sahibkara 55,1 mln. manat, ümumilikdə isə indiyədək 5000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 240 milyon manatadək güzəştli kredit verilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müəssisələrdən 46-sı istifadəyə verilmiş, 17 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 1,8 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 120-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.