241 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbələrində sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilir 26.09.2012 / Konfranslar, iclaslar

Sentyabrın 26-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Zabrat qəsəbəsində keçirmişdir. Tədbirdə 150-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına güzəştli maliyyələşdirilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsində illik istehsal gücü 12,8 min ton çörək və 1,8 min ton şirniyyat məhsulları olan zavodda aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirində Sabunçu rayonunun, o cümlədən Zabrat qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı müəssisəsinin, kiçik və ya orta həcmli quşçuluq, istixana, bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Sabunçu rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmiş, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər  barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.  Həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər nəticəsində lisenziya və sertifikatların alınması, eləcə də icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə sahibkarlara ətraflı məlumat verilmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2003 investisiya layihəsinin maliyyələşdirilməsinə 164,3 milyon manatdan çox güzəştli kredit ayrılmış, bu kreditlər hesabına 7400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun  vəsaitləri hesabına Bakıətrafı qəsəbələrdə 362 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 37 layihənin maliyyələşdirilməsinə 57 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu layihələrdən 18-si artıq başa çatdırılmış, 5 müasir istixana, 5 quşçuluq təsərrüfatı, 4 çörək zavodu, 1 ərzaq məhsulları istehsalı müəssisəsi, 1 ət emalı müəssisəsi, 1 mebel fabriki və 1 tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 2,8 mln. manatdan çox güzəştli kredit verilmişdir. Verilmiş  kreditlər əsasən, çörək və şirniyyat istehsalı, tikinti, polietilen materialları istehsalı, heyvandarlıq, quşçuluq sahələrinə yönəldiləcəkdir.  Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 90-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

  Bakı qəsəbələrində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri davam etdiriləcəkdir.