226 Arxiv
Xəbərlər

Geri

Şəmkirdə sahibkarlara güzəştli kreditlər verilmişdir 14.09.2012 / Konfranslar, iclaslar

 

Sentyabrın 14-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Şəmkir rayonunun Təzəkənd kəndində keçirmişdir. Tədbirdə 100-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Şəmkir rayonunun Sarıtəpə qəsəbəsində "AZAQRO" MMC-nin müasir istixana kompleksində aparılan yenidənqurma işlərinə və Qapanlı kəndində sahibkar Ramin Hüseynovun müasir istixana kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı, meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, soyuducu anbar kompleksinin, kiçik və ya orta həcmli istixana, həmçinin kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi investisiya layihələri, digər metodiki materiallar paylanmışdır.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Sabir Quliyev son illər Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir. Bildirilmişdir ki, regionların iqtisadi mənzərəsinin dəyişməsində, istehsalın genişlənməsində uğurla həyata keçirilən regional dövlət proqramlarının xüsusi əhəmiyyəti vardır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Gəncə-Qazax iqtisadi rayonunda dövlət proqramları çərçivəsində sahibkarlığın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə çıxış etmişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, bu ilin əvvəlindən ötən Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 159 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 7 minə yaxın  yeni iş yerinin yaradılması nəzərdə tutulur. Şirzad Abdullayev bildirmişdir ki, 2012-ci ilin ötən dövrü ərzində Gəncə-Qazax iqtisadi rayonunda bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla 2600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 92 milyon manata yaxın güzəştli kredit verilmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəmkir və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 600 min manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən sahibkarlar onlara göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.