249 Arxiv
Xəbərlər

Geri

Sabirabadda sahibkarlara güzəştli kreditlər verilmişdir 07.09.2012 / Konfranslar, iclaslar

Sentyabrın 7-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Sabirabad rayonunun Mürsəlli kəndində keçirmişdir. Tədbirdə 120-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Saatlı rayonunda "NJT-2000" firmasının tutumu 2 min ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Sabirabad rayonunun, o cümlədən Mürsəlli kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir süd emalı, meyvə-tərəvəz emalı müəssisələrinin, heyvandarlıq kompleksinin, kiçik və ya orta həcmli pambıqçılıq, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın digər rayonları kimi, Sabirabad rayonunun da sürətlə inkişaf etdiyini, rayonda yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Aran regional bölməsinin müdiri Elbrus Hüseynov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Aran iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə çıxış etmişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1785 investisiya layihəsinin maliyyələşdirilməsinə 157 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 6900-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Şirzad Abdullayev bildirmişdir ki, 2012-ci ilin ötən dövrü ərzində Aran iqtisadi rayonunda bu günkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla 769 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 51 milyon manat güzəştli kredit verilmişdir.

Tədbirdə çıxış edən sahibkarlar onlara göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Sabirabad və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, konserv məhsullarının istehsalı, heyvandarlıq, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması 250-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.