254 Arxiv
Xəbərlər

Geri

Sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilir 30.08.2012 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2012-ci ildə növbəti tədbirini avqustun 30-da Qaradağ rayonunun Sahil qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 150-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "Azəri" Firmasının metal konstruksiya istehsalı zavodunun fəaliyyətinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Qaradağ rayonunun, o cümlədən Sahil qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı, ət kəsimi, şüşə istehsalı, kiçik və ya orta həcmli tikişçilik və toxuculuq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi investisiya layihələri, metodiki materiallar paylanmışdır.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Qubatov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın digər bölgələri kimi, Qaradağ rayonunun da sürətlə inkişaf etdiyini, rayonda yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin, xüsusilə sənaye müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmiş, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər  barədə məlumat vermişlər. Çıxışlarda həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, eləcə də icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə sahibkarlara ətraflı məlumat verilmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1757 investisiya layihəsinin maliyyələşdirilməsinə 150 milyon manat güzəştli kredit ayrılmış, bu kreditlər hesabına 6800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakıətrafı qəsəbələr üzrə 345 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 35 layihənin maliyyələşdirilməsinə 56 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrdən 17-si artıq başa çatdırılmış, 5 müasir istixana, 4 quşçuluq təsərrüfatı, 4 çörək zavodu, 1 ərzaq məhsulları istehsalı müəssisəsi, 1 ət emalı müəssisəsi, 1 mebel fabriki və 1 tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilmişdir.

Son illər Bakı ətrafı kənd və qəsəbələrdə, o cümlədən Qaradağ rayonunda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan müxtəlif istehsal, emal və infrastruktur müəssisələri tikilib istifadəyə verilmişdir. Bu müəssisələrdən Qaradağ rayonunun Lökbatan qəsəbəsində mərmər istehsalı, Sənqəçal şəhər tipli qəsəbədə qazobeton bloklar istehsalı və əhəng istehsalı zavodlarının və Sahil qəsəbəsində metal konstruksiya istehsalı zavodunun maliyyələşdirilməsinə Fond tərəfindən 15,5 milyon manat güzəştli kredit verilmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 20 sahibkarlıq subyektinə 6,4 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 250-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Bakı qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdiriləcəkdir.