248 Arxiv
Xəbərlər

Geri

Şamaxı rayonunda üzümçülüyün inkişafına güzəştli kreditlər verilmişdir 10.08.2012 / Konfranslar, iclaslar

skmf-shamaxi01Avqustun 10-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Şamaxı rayonunun Sabir qəsəbəsində keçirmişdir. Tədbirdə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən 140-a yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına maliyyələşdirilmiş Qobustan rayonunda "İlk Aqrokom" MMC-nin taxıl anbarı kompleksinin fəaliyyətinə baxış keçirilmişdir. Artıq taxıl anbarına fermerlərdən buğda qəbuluna başlanmışdır.

Tədbir çərçivəsində Şamaxı rayonunun, o cümlədən Sabir qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir heyvandarlıq kompleksinin, ət kəsimi müəssisəsinin, soyuducu anbar kompleksinin, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov ölkə başçısının ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın digər bölgələri kimi Şamaxı rayonunun da sürətlə inkişaf etdiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

skmf-shamaxi02-İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov  çıxışlarında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1610 sahibkara    147 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 6500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilmişdir ki, son illər ərzində Dağlıq Şirvan iqtisadi rayonu üzrə 740 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 24 milyon manatadək, o cümlədən müasir texnologiyalara əsaslanan 9 layihənin maliyyələşdirilməsinə 6 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 5-i istifadəyə verilmiş, 4 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinin intensiv üzümçülük təsərrüfatlarının yaradılmasına dair investisiya layihələrinin maliyyələşdirilməsi davam etdirilir. Dövlət Proqramına uyğun olaraq, Fond vasitəsilə 18 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat güzəştli kredit verilmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən 52 sahibkarlıq subyektinə  2,6 milyon manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.