242 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbəsində Azərbaycanda iri çörək istehsalı müəssisəsinin tikintisinin maliyyələşdirilməsinə başlanılmışdır 03.08.2012 / Konfranslar, iclaslar

skmf-turkan-01İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini avqustun 3-də Xəzər rayonunun Türkan qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 200-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən "Xəmsə-M" MMC-nin quşçuluq təsərrüfatında aparılan son tamamlama işlərinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Xəzər rayonunun, o cümlədən Türkan qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir quşçuluq kompleksinin, istixana təsərrüfatlarının, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini  Ələkbər Heydərov  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Xəzər rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

skmf-turkan-02-İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmiş, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər  barədə məlumat vermişlər. Zaur Qasımov həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər nəticəsində lisenziya və sertifikatların alınması, eləcə də icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə sahibkarlara ətraflı məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat vermişdir.

Qeyd edilmişdir ki, 2012-ci ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1546 investisiya layihəsinin maliyyələşdirilməsinə 127,9 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 6400-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. 2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 332 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 32 layihənin maliyyələşdirilməsinə 48,8 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrdən 13-ü, o cümlədən 4 müasir istixana, 3 müasir quşçuluq təsərrüfatı, 3 müasir çörək zavodu, 1 yeyinti sənayesi məhsulları istehsalı müəssisəsi, 1 ət emalı müəssisəsi və 1 mebel fabriki istifadəyə verilmişdir.

Bakı ətrafı kənd və qəsəbələrdə müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin inşası ilə yanaşı, müasir texnologiyalara əsaslanan çörək istehsalı müəssisələrinin də yaradılması nəzərdə tutulmuşdur. Dövlətin güzəştli kreditləri hesabına Azərbaycanda illik istehsal gücü 156,3 min ton olan 14 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 13,1 mln. manat, o cümlədən Bakı ətrafı kənd və qəsəbələr üzrə illik istehsal gücü 123,5 min ton olan 8 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 6 mln. manatadək güzəştli kredit verilmişdir. Bildirilmişdir ki, tikintisinə başlanmış iri çörək istehsalı müəssisələrindən olan "Xəzri TN" MMC tərəfindən müasir texnologiyaların tətbiqi ilə Əhmədli qəsəbəsində gündəlik istehsal gücü 140 ton çörək istehsalı olan zavodun inşasına Fond tərəfindən ilkin mərhələdə 1 mln. manat güzəştli kredit ayrılmışdır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 1,3 mln. manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 240-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bakı qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdiriləcəkdir.