264 Arxiv
Xəbərlər

Geri

Quba-Xaçmaz iqtisadi rayonunda istehsal və emal sahələrinin inkişafı layihələrinə güzəştli kreditlər verilmişdir 06.07.2012 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2012-ci ildə növbəti tədbirini iyulun 6-da Xaçmaz rayonunun Yergüc kəndində keçirmişdir. Tədbirdə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 100-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Xaçmaz rayonunun Müqtədir qəsəbəsində inşa olunmuş "Bərəkət-İ" MMC-nin müasir soyuducu anbar kompleksinin fəaliyyətinə, Yergüc kəndində "EMA" MMC-nin müasir soyuducu anbar kompleksində və Qaraçı kəndində "Nabran Quşçuluq" MMC-nin müasir quşçuluq (broyler) təsərrüfatında aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Xaçmaz rayonunun, o cümlədən Yergüc kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir meyvə-tərəvəz emalı və çörək zavodlarının, ət kəsimi müəssisəsinin, intensiv bağçılıq  təsərrüfatlarının, kiçik və orta həcmli istixanaların yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Xaçmaz Rayon İcra Hakimiyyətinin  başçısının Azər Haqverdiyev çıxışında dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində son illər regionların sürətlə inkişaf etdiyini, ölkənin digər rayonlarında olduğu kimi Xaçmazda da yeni istehsal və xidmət müəssisələrinin, müasir sosial infrastruktur obyektlərinin yaradıldığını, yeni iş yerlərinin  açıldığını diqqətə çatdırmışdır. Regionların iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində məqəsdyönlü dövlət proqramlarının uğurlu icrası xüsusi əhəmiyyət kəsb edir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1328 investisiya layihəsinin maliyyələşdirilməsinə 114,1 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 5400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Qeyd edilmişdir ki, meyvə-tərəvəz istehsalı üzrə ixtisaslaşmış rayonlardan olan Xaçmazda son illər Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına intensiv bağçılıq təsərrüfatları, soyuducu anbar kompleksləri və meyvə-tərəvəz emalı müəssisələri yaradılmışdır. Fondun vəsaitləri hesabına Xaçmaz rayonunda yeni texnologiyaların tətbiqinə əsaslan tutumu 11 min ton olan 5 soyuducu anbar kompleksinin inşasına 8,3 milyon manat, 2 meyvə-tərəvəz emalı zavodunun inşasına 3,3 milyon manat güzəştli kredit verilmişdir. Maliyyələşdirilmiş soyuducu anbarlardan 3-ü, meyvə-tərəvəz emalı zavodlarından 1-i istifadəyə verilmiş, qalan 2 soyuducu anbarın və 1 meyvə-tərəvəz emalı zavodunun isə bu il istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Quba-Xaçmaz iqtisadi rayonunun meyvə-tərəvəz istehsalı sahəsində potensialı nəzərə alınaraq, istehsal sahələrinin genişləndirilməsinin və yeni emal müəssisələrinin yaradılmasının güzəştli qaydada maliyyələşdirilməsinə diqqətin daha da atrırılacağı vurğulanmış, bu sahədə sahibkarların fəallığının artırılması tövsiyə olunmuşdur.

Tədbirdə çıxış edən sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 53 sahibkarlıq subyektinə 1,1 milyon manatadək güzəştli kredit vəsaiti verilmişdir. Bu layihələrin reallaşması 90-dək yeni iş yerinin yaradılmasına imkan verir.