242 Arxiv
Xəbərlər

Geri

Ağdaşda sahibkarlara güzəştli kreditlər verilmişdir 29.06.2012 / Konfranslar, iclaslar

İyunun 29-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağdaş rayonunun Ləki qəsəbəsində keçirmişdir. Tədbirdə Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən 120-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit ayrılmış Göyçay rayonunun Mirzəhüseynli kəndində "Göyçay Broyler" MMC-nin müasir quşçuluq təsərrüfatında aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Ağdaş rayonunun, o cümlədən Ləki qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, kiçik və orta həcmli bağçılıq təsərrüfatlarının yaradılması, kiçik və orta həcmli istixanaların tikintisi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə ölkə başçısının Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin digər bölgələri kimi Ağdaş rayonunun da sürətlə inkişaf etdiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Aran iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə çıxış etmişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1236 investisiya layihəsinin maliyyələşdirilməsinə 110 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 4500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Ş.Abdullayev bildirmişdir ki, 2012-ci ilin ötən dövrü ərzində Aran iqtisadi rayonu üzrə bu günkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla 556 investisiya layihəsinin maliyyələşdirilməsinə 38,7 milyon manat kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 1500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Həmçinin qeyd edilmişdir ki, son illər ərzində Aran iqtisadi rayonu üzrə müasir texnologiyalara əsaslanan 59 layihənin maliyyələşdirilməsinə Fond tərəfindən 120 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 39-u istifadəyə verilmiş, 20 müəssisənin isə bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən sahibkarlar onlara göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən 42 sahibkarlıq subyektinə 4,4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.