252 Arxiv
Xəbərlər

Geri

Suraxanı rayonunda "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 21.06.2012 / Konfranslar, iclaslar

fond-suraxani01

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini iyunun 21-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində keçirmişdir. Tədbirdə 100-dən çox sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində "ATEF Şirkətlər Qrupu" MMC-nin transformator istehsalı zavodunda aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Suraxanı rayonunun, o cümlədən tədbirin keçirildiyi Qaraçuxur qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli toxuculuq və tikişçilik müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Sabunçu rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

fond-suraxani02İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmiş, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər  barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1221 investisiya layihəsinin maliyyələşdirilməsinə 104,6 milyon manat, o cümlədən respublikanın regionları üzrə 1119 investisiya layihəsinin maliyyələşdirilməsinə 92,5 milyon manat güzəştli kredit verilmişdir. 2011-ci ildə və bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 306 investisiya layihəsinin maliyyələşdirilməsinə 47 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrdən 13-ü, o cümlədən 4 müasir istixana, 3 müasir quşçuluq təsərrüfatı, 3 müasir çörək zavodu, 1 yeyinti sənayesi məhsulları istehsalı müəssisəsi, 1 ət emalı müəssisəsi və 1 mebel fabriki istifadəyə verilmişdir.

Tədbirdə sahibkarlar onlara göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 20 sahibkarlıq subyektinə 994 min manatadək güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bakı qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdiriləcəkdir.