234 Arxiv
Xəbərlər

Geri

2012-ci ilin ötən dövründə məcburi köçkünlərə 9,6 milyon manat güzəştli kredit verilmişdir 08.06.2012 / Konfranslar, iclaslar

 

İyunun 8-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Füzuli rayonunun Böyük Bəhmənli kəndində keçirmişdir. Tədbirdə Füzuli və işğal altında olan digər rayonlardan olan 150-dən çox məcburi köçkün sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit ayrılmış Füzuli rayonunun Əhmədbəyli kəndində “ASA LTD” MMC-nin müasir soyuducu anbar kompleksində aparılan son tamamlama işlərinə və Qarabağ kəndində quşçuluq təsərrüfatında aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Fizuli rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək istehsalı, süd emalı, üzüm emalı müəssisələrinin və kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmışdır.

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirində çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirmiş, onların sosial rifah halının daim yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Yuxarı Qarabağ regional bölməsinin müdiri Aslan Aslanov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə çıxış etmişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən verilmiş güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1154 investisiya layihəsinin maliyyələşdirilməsinə 102,9 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 4200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. 2012-ci ildə verilmiş güzəştli kreditlərin 9,6 milyon manatı məcburi köçkün sahibkarların payına düşür. Fond tərəfindən bu ilin ötən dövrü ərzində Füzuli rayonunda sahibkarların kiçik və orta həcmli layihələri ilə yanaşı, iri həcmli layihələri də güzəştli qaydada maliyyələşdirilmişdir. Belə ki, rayonun Əhmədbəyli kəndində müasir soyuducu anbar kompleksinin və Qarabağ kəndində quşçuluq fabrikinin inşasına 5,8 milyon manat güzəştli kredit ayrılmışdır. Bu müəssisələrin 2012-ci il ərzində istifadəyə verilməsi gözlənilir. Bu layihələrin reallaşdırılması nəticəsində 100-ə yaxın yerli sakin işlə təmin olunacaqdır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Füzuli rayonu və işğal altında olan digər rayonlardan olan 50 məcburi köçkün sahibkara 1,2 milyon manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 140-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri digər rayonlarda da davam etdiriləcəkdir.