240 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbələrində sahibkarlara güzəştli kreditlər verilmişdir 31.05.2012 / Konfranslar, iclaslar

fond-ramana-2011-01Mayın 31-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Ramana qəsəbəsində keçirmişdir. Tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Sabunçu rayonu, Bilgəh qəsəbəsində faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana təsərrüfatının fəaliyyətinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində Sabunçu rayonunun, o cümlədən tədbirin keçirildiyi Ramana qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, müasir quşçuluq kompleksinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Şakir Alıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Sabunçu rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

fond-ramana-2012-02İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmiş, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər  barədə məlumat vermişlər. Elçin İbrahimov həmçinin, Azərbaycan Respublikası Prezidentinin "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanına əsasən, yaradılmış www.icazeler.gov.az saytı barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirilmişdir, bu portal informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edəcəkdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1071 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,7 milyon manat güzəştli kredit verilmişdir. Bakı qəsəbələri üzrə isə 80 investisiya layihəsinin maliyyələşdirilməsinə 11,1 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 4070-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2011-ci ildə və bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 290 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin - faraş tərəvəz məhsulları və dekorativ bitkilər yetişdirilən 9 müasir istixana təsərrüfatı, 8 müasir quşçuluq təsərrüfatı, 7 müasir çörək istehsalı müəssisəsinin, ət kəsimi və ət emalı müəssisənin, yeyinti sənayesi məhsulları istehsalı müəssisəsinin, müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun, mebel fabrikinin və tikinti materialları istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 46,1 milyon manat güzəştli kredit verilmişdir. Yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən 3 müasir istixana təsərrüfatı, 2 müasir çörək istehsalı müəssisəsi və 1 mebel fabriki istifadəyə verilmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 2,2 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 370-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bakı qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdiriləcəkdir.