245 Arxiv
Xəbərlər

Geri

Beyləqan rayonunda fermerlərə güzəştli kreditlər verilmişdir 04.05.2012 / Konfranslar, iclaslar

Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini mayın 4-də Beyləqan rayonunun Təzəkənd kəndində keçirmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 180-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit ayrılmış Beyləqan rayonunun Şəfəq kəndində illik istehsal gücü 6 min ton olan süd məhsullarının emalı müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Beyləqan rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir heyvandarlıq kompleksinin, müasir taxılçılıq, kiçik və orta həcmli intensiv üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir. Bildirilmişdir ki, regionların iqtisadi mənzərəsinin dəyişməsində, istehsalın genişlənməsində uğurla həyata keçirilən regional dövlət proqramlarının xüsusi əhəmiyyəti vardır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu vurğulamış, Aran iqtisadi rayonunda, o cümlədən Beyləqanda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev güzəştli kreditlər hesabına Aran iqtisadi rayonunda, o cümlədən Beyləqan rayonunda həyata keçirilən layihələr barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 772 investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması  3200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş güzəştli kreditlərin 60,3 mln. manatı regionların payına düşür. Bu ilin ötən dövrü ərzində Aran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin müxtəlif sahələri əhatə edən 332 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,1 mln. manat güzəştli kreditlər verilmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkarlıq subyektinə 564 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.