251 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbələrində sahibkarlara güzəştli kreditlər verilmişdir 27.04.2012 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini aprelin 27-də Binəqədi rayonunun Binəqədi qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 140-a yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli kredit ayrılmış Binəqədi rayonunda "Elo-Eksklüziv" MMC-nin çörək istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Binəqədi rayonunun, o cümlədən tədbirin keçirildiyi Binəqədi qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir quşçuluq kompleksinin, ət kəsimi, kiçik və orta həcmli un məmulatları  istehsalı müəssisələrinin yaradılması, müxtəlif çeşidli dekorativ bitkilərin istixana şəraitində yetişdirilməsi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələrin nümunələri, metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Binəqədi rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu vurğulamış, Bakı və ətraf qəsəbələrdə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 709 investisiya layihəsinin maliyyələşdirilməsinə 66,8 milyon manat, o cümlədən respublikanın regionları üzrə 642 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,9 milyon manat və Bakı qəsəbələri üzrə 67 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,9 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 3100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilmişdir ki, ötən il və bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 277 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 28 layihənin - faraş tərəvəz məhsulları və dekorativ bitkilər istehsal edən 9 müasir istixana təsərrüfatı, 8 müasir quşçuluq (broyler) təsərrüfatı, 7 müasir çörək istehsalı müəssisəsinin, ət kəsimi və ət emalı müəssisəsinin, yeyinti sənayesi məhsulları istehsalı müəssisəsinin, mebel fabrikinin və metal konstruksiya olan tikinti materialları istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 43,8 milyon manat güzəştli kredit verilmişdir. Yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən 3 müasir istixana təsərrüfatı, 2 müasir çörək istehsalı müəssisəsi və mebel fabriki istifadəyə verilmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 380-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bakı qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdiriləcəkdir.