254 Arxiv
Xəbərlər

Geri

Masallıda sahibkarlara güzəştli kreditlər verilmişdir 20.04.2012 / Konfranslar, iclaslar

Aprelin 20-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Masallı rayonunun Boradigah qəsəbəsində keçirmişdir. Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 180-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Lerik rayonunda "Lerik Broyler" MMC-nin müasir quşçuluq  təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Masallının iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir quşçuluq kompleksinin, meyvə-tərəvəz emalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmışdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir. Bildirilmişdir ki, regionların iqtisadi mənzərəsinin dəyişməsində, istehsalın genişlənməsində uğurla həyata keçirilən regional dövlət proqramlarının xüsusi əhəmiyyəti vardır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu vurğulamış, Lənkəran iqtisadi rayonunda, o cümlədən Masallı rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Lənkəran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondu gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması və bu sahədə təşəbbüskarlığının dəstəklənməsi tədbirlərini də davam etdirir. Qeyd edilmişdir ki, Fond tərəfindən  2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 640 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,6 milyon manat, o cümlədən respublikanın regionları üzrə 582 investisiya layihəsinin maliyyələşdirilməsinə 55 milyon manat və Bakı ətrafı kənd və qəsəbələr üzrə 58 investisiya layihəsinin maliyyələşdirilməsinə 5,6 milyon manat güzəştli kredit verilmişdir.  Bu layihələrin reallaşdırılması  2600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkarlıq subyektinə 741 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri ölkənin digər regionlarında da keçiriləcəkdir.