250 Arxiv
Xəbərlər

Geri

İri taxılçılıq təsərrüfatlarının yaradılmasına dövlət dəstəyi gücləndirilir 16.04.2012 / Konfranslar, iclaslar

Etibarlı ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə yüksək səviyyədə təmin edilməsi məqsədilə dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir.

Hazırda qarşıda duran əsas vəzifələrdən biri də Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasının daha da sürətləndirilməsi, iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması ilə ölkənin taxıl məhsullarına olan tələbatının yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin daha da yüksəldilməsidir.

Belə təsərrüfatların yaradılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılmışdır. Bunlardan biri də Kürdəmir, Ağsu və Şamaxı rayonları ərazisində ümumi dəyəri 16.8 mln. manat, kredit tələbatı isə 10 mln. manat olan özəl taxılçılıq təsərrüfatının taxıl anbarı kompleksinin qurulması və əkinçiliyin inkişafı yönümlü investisiya layihəsidir. Bu layihənin maliyyələşdirilməsinə ilkin mərhələdə 2 mln. manat güzəştli kredit vəsaiti ayrılmışdır. Layihə üzrə Kürdəmir, Ağsu və Şamaxı rayonları ərazisində 3 min ha sahədə əkin işlərinin aparılması, müasir dairəvi suvarma sisteminin qurulması nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin, ABŞ və Türkiyə istehsalı olan 25 adda müasir kənd təsərrüfatı texnikasının (traktorlar, kombaynlar, pres maşınları, iri tonajlı yük maşınları, cərgə arası texnikalar, kotanlar, disklər və s.)  alınması planlaşdırılır.

Artıq Şamaxının Hacıqədirli və Ağsunun Ləngəbiz kəndləri ərazisində ilkin mərhələdə 400 ha ərazidə ABŞ-ın "PİERS" və "Reinke Manufakturing İnc" şirkətlərinin istehsalı olan müasir dairəvi suvarma sistemləri quraşdırılmışdır. Hazırda daha 100 ha ərazidə müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilir. Eyni zamanda, sahələrdə qarğıdalı əkininə başlanmışdır.

Əkinçilik təsərrüfatı tərəfindən 3 min ha ərazinin əkin, biçin və bütün aqrotexniki işlərinin aparılması üçün Ağsunun Ləngəbiz kəndi ərazisində ABŞ-ın "Conler" şirkətinin və Türkiyənin qabaqcıl şirkətlərinin istehsalı olan 10 adda 35-ə yaxın müasir kənd təsərrüfatı texnikası və aqreqatdan ibarət park yaradılmışdır. Park traktor, kombayn, pnevmatik və sadə toxum səpmə aqreqatları, piper, kultivator, vərdənə, diskli mala, dərman çiləmə, gübrə səpən və digər ən müasir aqreqatlarla təchiz edilmişdir. Əlavə texnikanın və köməkçi vasitələrin alınması davam etdirilir. Bundan başqa, məhsulun saxlanılması üçün 15 min tonluq taxıl anbarının, istehsal gücü saatda 36 ton olan məhsul qurutma sexinin, anbar, inzibati və köməkçi sahələrin tikintisi də həyata keçiriləcək.

Dövlət başçısının iri taxılçılıq təsərrüfatlarının yaradılması, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu belə layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsini davam etdirəcəkdir.