242 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığa dövlət dəstəyi gücləndirilir 05.04.2012 / Konfranslar, iclaslar

2011-ci ildə dövlət tərəfindən verilən vəsait hesabına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə böyük vəsait ayrılmışdır. Biz bu il - 2012-ci ildə də rekord göstəriciyə çatırıq - sahibkarlara güzəştli şərtlərlə 200 milyon manat kreditlər veriləcəkdir. Mən çox şadam ki, bu, həm maliyyə dəstəyidir, həm də sahibkarlara çox yaxşı məsləhətlər, işə başlamaq üçün maddi imkanlardan asılı olaraq müxtəlif biznes-planlar verilir. Biz doğrudan da sahibkarlara çox böyük diqqətlə yanaşırıq.

 

İlham ƏLİYEV

 

Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, əldə edilmiş yüksək iqtisadi uğurlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırmışdır. Dünya birliyinə fəal inteqrasiya edən müstəqil Azərbaycan bu gün regionun iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Qarşıda isə daha böyük hədəflər durur. Ən ümdə vəzifələrdən, o cümlədən Azərbaycan xalqının ən xoş arzularından biri ölkəmizdə əldə edilmiş uğurların davamlı olmasıdır.

Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli sərəncamı ilə hazırlanmaqda olan  "Azərbaycan 2020: gələcəyə baxış " İnkişaf Konsepsiyasının da məqsədi məhz budur. Sərəncamda deyildiyi kimi, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur və bu mərhələnin hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Hazırda ictimai müzakirələrdən keçməklə hazırlanma mərhələsində olan  "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası  respublikamızın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm proqram olacaq. İnkişaf hədəflərini əks etdirəcək yeni inkişaf konsepsiyasının icrası nəticəsində Azərbaycanın növbəti mərhələ üçün daha böyük nailiyyətlərə imza atacağı şübhəsizdir. Qarşıya qoyulacaq məqsədlərin reallaşması nəticəsində respublikamız dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək.

Eyni zamanda yeni mərhələnin əsas hədəfi, iqtisadi səmərəlilik, sosial ədalətlilik və ekoloji təhlükəsizlik prinsiplərini rəhbər tutmaqla, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdə ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Bu məsələdə və bütövlükdə ölkəmizin tərəqqisində ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olan sahibkarlığın inkişafı əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Fərəhli haldır ki, bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında artıq özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinifinin rol və mövqeyi davamlı şəkildə güclənir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyillər özünü göstərməkdə davam edir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb.

Sahibkarlığın inkişafı sahəsində nailiyyətlərin əldə olunmasında ümummilli lider Heydər Əliyevin müvafiq fərmanları ilə təsdiq edilmiş qanunlar və dövlət proqramları xüsusi əhəmiyyətə malikdir. Qəbul olunmuş dövlət proqramları, qanunvericilik aktları və digər mühüm tədbirlərin bu sahənin tərəqqisində xüsusi rolu olub, sahibkarlığın inkişafı üzrə dövlət tədbirlərini Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Xüsusilə dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb. Dövlət proqramları eyni zamanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin edib, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəldib. Ölkəmizdə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilib, bu münasibətlərin institusionallaşdırılması baş verib. Ümumiyyətlə, sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırıb, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib. Artıq ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar.

Azərbaycanda özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Fondun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. Əsas vəzifələrimiz isə Fondun vəsaitləri hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini qanunvericiliyə uyğun maliyyələşdirmək, Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq və təkliflər vermək, Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitlərin səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etməkdir. Eyni zamanda sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək, sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirakçı olmaq, kreditlərin öz təyinatına uyğun istifadəsinə nəzarət məqsədilə monitorinqlərin keçirilməsi qaydalarını müəyyənləşdirmək, sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasına və yayılmasına, bazar konyunkturunun öyrənilməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasına kömək göstərmək və sair əsas məqsədimizdir.

Fondun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və genişləndirilməsinin təmin edilməsi məqsədi ilə ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli fərmanı ilə  "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə" və  "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları" təsdiq edilmiş, Fondun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi təkmilləşdirilmiş və bununla da Fondun fəaliyyətinin inkişaf mərhələsi başlanmışdır. Ümumilikdə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin əsas istiqamətini Azərbaycanda özəl bölmənin, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzar fəaliyyətinin artırılmasına kömək göstərilməsi, onlara maliyyə dəstəyinin verilməsi təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı və dinamik inkişafa, sərbəst bazar münasibətlərinə əsaslanan, sosialyönümlü iqtisadi siyasəti nəticəsində milli iqtisadiyyatımızın uğurları daha da möhkəmləndirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə və genişləndirilməsinə xüsusi önəm verir. Bu diqqətin nəticəsidir ki, son illərdə Fondun işini tənzimləyən normativ-hüquqi aktlara edilən dəyişikliklər nəticəsində onun təkmil fəaliyyət mexanizmi formalaşdırılmış və dövlət büdcəsindən güzəştli kreditlərin verilməsinə ayrılan vəsaitlərin həcmi artırılmışdır. Belə ki, ölkəmizdə sahibkarlıq mühitinin inkişafı üçün yaradılan əlverişli şəraitə uyğun olaraq,  "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"nın təkmilləşdirilməsi istiqamətində işlər sonrakı illərdə də davam etdirilmiş, 2006-cı ilin dekabrında və 2009-cu ilin oktyabrında güzəştli kreditlərin verilməsi qaydaları yenidən işlənilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmişdir. Bu istiqamətdə növbəti mühüm dəyişiklik isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 13 oktyabr tarixli fərmanı ilə Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsinin yeni mexanizminin müəyyən olunmasıdır. Dövlət başçısının sahibkarlığa böyük diqqət və qayğısının daha bir təsdiqi olan bu fərmanla müəyyən edilmiş yeni mexanizm sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymaqla, ölkədə ən müasir texnologiyaların tətbiqinə əsaslanan rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü məhsulların istehsalı və infrastruktur müəssisələrinin yaradılmasını, kiçik və orta sahibkarlığın inkişafını daha da sürətləndirmişdir. Bu dəyişikliklər Fondun vəsaitlərinin daha səmərəli yerləşdirilməsində, məqsədli dövlət proqramlarının icrasında sahibkarların fəallığının artmasında, ölkədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsində, istehsal həcminin və çeşidinin genişlənməsində xüsusilə əhəmiyyətli olmaqla, daxili tələbatın maksimum dərəcədə yerli istehsal hesabına ödənilməsinə, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, ölkəmizin ixrac imkanlarının genişləndirilməsinə əlverişli şərait yaratmışdır.

Sahibkarlığa Kömək Milli Fondu güzəştli kreditlərinin sahibkarlıq subyektlərinə çatdırılmasında 38 müvəkkil kredit təşkilatının xidmətlərindən istifadə edir. Fondun fəaliyyəti dövründə 12500-dən çox sahibkarlıq subyektinə 720 milyon manata qədər güzəştli kredit verilmişdir. Bu vəsaitlərin 60 faizi aqrar sahənin inkişafına, o cümlədən 80 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20 faizi aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (soyuducu və taxıl anbarı kompleksləri) yaradılmasına yönəldilmişdir. Güzəştli kredit vəsaitinin 80 faizi respublikanın regionlarının, 20 faizi Bakı qəsəbələrinin payına düşür. Bu kreditlər hesabına 95 mindən çox yeni iş yeri açılmışdır.

Fondun vəsaitlərinin daha çox yönəldiyi sahələrdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq, dünya ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsi, respublikada müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal və infrastruktur sahələrinin yaradılmasıdır. Bu baxımdan, qeyri-neft sektoru sahələrinin inkişafının sürətləndirilməsi və yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsinə xüsusi diqqət göstərilir. Bu məqsədlə Fond tərəfindən son 3 ildə yeni texnologiyalara əsaslanan ümumi dəyəri 707 milyon manat olan, 185 investisiya layihəsinə 313 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrdən 48 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20 faizi sənaye məhsullarının istehsalı və emalına, 29 faizi taxıl və soyuducu anbarların yaradılmasına, 3 faizi isə digər sahələrə aiddir. İnvestisiya layihələrindən 88-i istifadəyə verilmiş, digər  investisiya layihələri üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Prezident İlham Əliyev  "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib:  "Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və mən çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə yanaşırlar".

Ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən hesab olunan aqrar sektorun inkişafı ilə bağlı bu ilin əvvəlinədək güzəştli kreditlər hesabına 10,5 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 436,4 milyon manat vəsait ayrılmış və bu layihələrin reallaşdırılması 48 mindən çox yeni iş yerinin açılmasına  imkan yaratmışdır.

Aqrar sektora dövlət dəstəyi tədbirləri bu sahədə çalışanların torpaq və əmlak üzərində xüsusi mülkiyyətçilik ənənələrinin bərqərar olunmasına, kəndlərdə sahibkarlar təbəqəsinin yaranmasına, aqrar sahədə müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsinin genişlənməsinə, daxili istehsal hesabına əhalinin bir sıra əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə və məhsul istehsalının dinamik inkişafına zəmin yaratmışdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, dünya ölkələrinin qabaqcıl təcrübəsinin və ən son texnologiyaların tətbiq olunmasına xüsusilə diqqət göstərilir ki, bu da istehsal olunan məhsulların maya dəyərinin aşağı salınmasında, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü məhsulların emalı və istehsalının artmasına müsbət təsir göstərir. Son 3 ildə Fond tərəfindən aqrar sektorda yeni texnologiyalara əsaslanan ümumi dəyəri 493,5 milyon manat olan, 143 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 223,4 milyon manat, o cümlədən tutumu 117,8 min ton olan 34 soyuducu anbarın tikintisinə 67,4 milyon manat, tutumu 285 min ton olan 19 taxıl anbarının inşasına 23,9 milyon manat, illik istehsal gücü 43 min ton süd və 115 ton ət olan 5650 başlıq 6 südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinə 15,6 milyon manat, ümumi ərazisi 44,9 ha olan 18 istixana kompleksinə 27,4 milyon manat, 9 intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatına 6,1 milyon manat, ümumi ərazisi 195 ha olan 4 üzümçülük təsərrüfatına 3,1 milyon manat, illik istehsal gücü 57,4 min ton olan 9 kənd təsərrüfatı məhsullarının (meyvə-tərəvəz) emalı müəssisəsinə 17,4 milyon manat, illik 126 min ton məhsul istehsal edəcək 7 süd emalı müəssisəsinə 8,3 milyon manat, illik gücü 26,2 min ton ət kəsimi, 10 min ton ət emalı olan 4 emal müəssisəsinə 5,8 milyon manat, ildə 1,2 min ton məhsul istehsal ediləcək 3 quru meyvə istehsalı müəssisəsinə 2,2 milyon manat və illik istehsal gücü 1,2 min ton olan göbələk istehsalı müəssisəsinə 1 milyon manat və ildə 2 min ton  biyan istehsal edən müəssisəyə isə 1 milyon manat güzəştli kredit verilmişdir.

2011-ci ildə Fond tərəfindən 1643 sahibkarlıq subyektinə 138 milyon manat güzəştli kredit verilmişdir ki, bunun 34 milyon manatını dövlət büdcəsindən ayrılan, 104 milyon manatı isə Fondun xəzinə hesabına daxil olan vəsaitlərdir.

Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər 2011-ci ildə də davam etdirilmiş və 85 investisiya layihəsinin maliyyələşdirilməsinə 118 milyon manat güzəştli kredit verilmişdir.

Ötən il  "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı qəsəbələrində 210 sahibkara 35 milyon manat güzəştli kredit verilmişdir. Bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 27 layihənin - 7 çörək zavodu, 1 mebel fabriki, 7 quşçuluq təsərrüfatı, 9 istixana, 1 ət kəsimi  və 1 yeyinti sənayesi müəssisəsi, 1 metal konstruksiya istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 32,7 milyon manat və 181 kiçik həcmli layihənin maliyyələşdirilməsinə 2,3 milyon manat vəsait ayrılmışdır. Bu kreditlər hesabına 1500-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

2011-ci ildə verilən kreditlərin 75%-i regionların, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Bu vəsaitlərin 79,3%-i aqrar sahənin inkişafına, o cümlədən 63,2%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 16,1%-i aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (taxıl və soyuducu anbarın) yaradılmasına yönəldilmişdir. 2010-cu illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 15%, güzəştli kreditlərin həcmi 20%, yeni yaradılacaq iş yerlərinin sayı isə 15% artmışdır.

Fond tərəfindən maliyyələşdirilmiş 33 istehsal, emal və infrastruktur müəssisəsi 2011-ci ildə istifadəyə verilmiş, bu il isə 100-ə yaxın istehsal, emal və infrastruktur müəssisəsinin  istifadəyə verilməsi nəzərdə tutulur. 

Ət, süd və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modernləşdirilməsi və bu sahədə yeni müəssisələrin yaradılması məqsədilə Fond tərəfindən ötən il müasir texnologiyanın tətbiqinə əsaslanan  ərzaq məhsulları istehsalı ilə bağlı 61 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 76,7 milyon manat güzəştli kredit ayrılmışdır.

Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq, qarşıda duran əsas vəzifələrdən biri ölkə əhalisinin quşçuluq məhsullarına olan tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədilə quşçuluğun kompleks inkişafının təmin edilməsidir. Möhtərəm Prezidentin müəyyənləşdirdiyi kimi,  "İndi görüləcək tədbirlər nəticəsində 2012-ci və 2013-cü illərdə yeni tikiləcək quşçuluq fabriklərinin fəaliyyəti hesabına biz özümüzü quş əti ilə də təmin edəcəyik". Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son 3 ildə illik 63,6 milyon ədəd damazlıq yumurta, 33,6 min ton quş əti, 154,9 milyon əmtəəlik yumurta olan 28 investisiya layihəsinin maliyyələşdirilməsinə 44,2 milyon manat, o cümlədən 2011-ci ildə 18 layihənin maliyyələşdirilməsinə 21,8 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır. Bu quşçuluq təsərrüfatlarından illik istehsal gücü 10 milyon ədəd damazlıq yumurta və 10,3 min ton quş əti olan 4 quşçuluq təsərrüfatı 2011-ci ildə istifadəyə verilmiş və illik istehsal gücü 28,6 milyon ədəd damazlıq yumurta, 138 milyon ədəd əmtəə yumurtası və 23,3 min ton quş əti olan 21 quşçuluq təsərrüfatının isə 2012-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu istiqamətdə layihələrin maliyyələşdirilməsi davam edir.

Fond son 3 ildə  "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 108 tədbir keçirmişdir. Bu tədbirlərdən 96-sı regionlarda, 12-si Bakı qəsəbələrində təşkil olunmuşdur. Regionlarda və Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər təqdim edilmiş, tədbirlərdə iştirak etmiş 22 minə yaxın sahibkara  "Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması" mövzusunda maarifləndirici treninqlər, nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. 2011-ci ildə isə 34 tədbir təşkil edilmişdir ki, onlardan 24-ü  "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi", 10-u isə  "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzularında olmuşdur. Tədbirlərdə  sahibkarlara güzəştli kreditlər təqdim edilmiş, 7 minə yaxın  sahibkara, o cümlədən regionlarda 5 minə yaxın, Bakı qəsəbələrində isə 2000 sahibkara maarifləndirici treninqlər, nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, həmçinin yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılmış, şəhər və rayonlar üzrə investisiya təkliflərinin qəbulu üçün KİV-lərdə lokal xarakterli elanlar verilmişdir.

Bu tədbirlərdən 5-i məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə - Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Ağcakənd (Xocalıdan olan məcburi köçkünlər üçün), Ağdam rayonunun Quzanlı və Ağcabədi rayonunun Taxtakörpü (Laçın rayonundan olan məcburi köçkünlər üçün), Biləsuvar rayonunun 4 saylı qəsəbələrində (Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün) təşkil edilmişdir.

Kiçik sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının, gənc sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi Fondun fəaliyyətinin əsas prioritetlərindəndir. 2011-ci ildə güzəştli kreditlər hesabına maliyyələşdirilmiş investisiya layihələrinin 94%-i kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların payına düşmüşdür. Belə ki, 2011-ci ildə 1550 sahibkara 19,3 milyon manat kiçik həcmli və 321 gənc sahibkarlıq subyektinə 30,4 milyon manat güzəştli kredit verilmişdir.

Bununla yanaşı, Fond tərəfindən ötən dövr ərzində ölkəmizin regionlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 660 məcburi köçkünə 9,6 milyon manat, 2011-ci ildə isə 162 məcburi köçkün sahibkara 5,9 milyon manat güzəştli kreditlər verilmişdir.

Ölkədə qadınların iqtisadi sferada fəallığının artırılması üçün müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görülür. Qadınların biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması belə tədbirlərdəndir. Eyni zamanda, Azərbaycanın ucqar və dağlıq regionlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yaşayan qadınların özəl biznes yaratması üçün də tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son illərdə qadın sahibkarların sayının artması müşahidə olunur. Ötən dövr ərzində Fond tərəfindən qadın sahibkarların 1452 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,4 milyon manat güzəştli kredit yönəldilmiş, 2011-ci ildə isə 137 qadın sahibkara 6,8 milyon manat güzəştli kreditlər verilmişdir.  Bundan başqa, Fond sahibkarlığın inkişafına dövlət dəstəyinə dair təşkil etdiyi tədbirlər çərçivəsində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də evdar qadınların məşğulluğunun təmin edilməsi məqsədilə xalçaçılıq, tikişçilik və digər daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlayır və nümunəvi layihələri  sahibkarlara təqdim edir.

Şəffaflığın təmin edilməsi, sahibkarlığın inkişafına verilən güzəştli kreditlər haqqında daha geniş məlumat əldə edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun Azərbaycan və ingilis dillərində illik hesabatları dərc olunur, beynəlxalq audit şirkəti tərəfindən maliyyə hesabatlarının auditi keçirilir. Son illərdə beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında keçirilmiş audit zamanı Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatları müsbət qiymətləndirilmişdir.

 2011-ci il üzrə Fondun auditini həyata keçirmiş  "Ernst & Young Holdings BV"  beynəlxalq audit şirkətinin rəyində Sahibkarlığa Kömək Milli Fondunun maliyyə fəaliyyəti müsbət qiymətləndirilmiş, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilmişdir.

Fondun yeni dizaynda tərtib edilmiş və daim yenilənən www.anfes.gov.az internet saytı fəaliyyət göstərir. İnternet səhifəsində Fondun fəaliyyəti, maliyyələşdirdiyi investisiya layihələri və iqtisadiyyatın müxtəlif sahələri üzrə hazırlanmış nümunəvi investisiya layihələri barədə məlumatlar yerləşdirilir. Fond tərəfindən sahibkarların məlumatlandırılması məqsədilə çoxsaylı broşürlar və digər maarifləndirici çap məhsulları hazırlanaraq sahibkarlıq subyektlərinə təqdim olunur.

Fondun vəsaitləri hesabına 2008-2011-ci illərdə verilmiş güzəştli kreditlər üzrə qaytarılan vəsaitlər hesabına 2008-ci ildə 15 milyon manat, 2009-cu ildə 56 milyon manat, 2010-cu ildə 71 milyon manat və 2011-ci ildə 104 milyon manat sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.

2012-ci ildə bu göstəricinin 110 milyon manat olacağı proqnozlaşdırılır. Bununla da 2008-ci illə müqayisədə 2012-ci ildə geri qayıdan kreditlər hesabına verilən güzəştli kreditlərin həcminin 7,3 dəfə artacağı gözlənilir. 

2011-ci ildə sahibkarlara Fondun tarixində ilk dəfə ən yüksək həddə - 138 milyon manat güzəştli kredit verilmişdir. 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 200 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara təqdim ediləcək bu vəsaitin 110 milyon manatını verilmiş güzəştli kreditlər üzrə Fonda qaytarılacaq vəsaitlər, 90 milyon manatını isə dövlət büdcəsindən ayrılacaq vəsaitlər təşkil edəcəkdir. Güzəştli kreditlər məqsədli dövlət proqramlarına uyğun olaraq, iqtisadiyyatın qeyri-neft sektorunun davamlı və dinamik inkişafı üçün önəmli olan müasir tələblərə cavab verən iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq (o cümlədən damazlıq),  taxılçılıq və toxumçuluq, intensiv üzümçülük və çayçılıq təsərrüfatlarının, istehsal və emal müəssisələrinin, istixanaların, soyuducu anbar komplekslərinin, sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsinə, gənclərin, kiçik fermer və ailə təsərrüfatlarının, məcburi köçkünlərin, qadınların və aztəminatlı ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına və s. istiqamətlərə yönəldiləcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi,  "Bildiyiniz kimi, bir neçə il ərzində sahibkarlara güzəştli kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr, fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir".

Sahibkarlar, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər ölkəmizdə özəl bölmənin inkişafı üçün yaradılan şəraitdən, əlverişli biznes mühitindən yararlana bilər, dövlətin maliyyə vəsaitlərindən güzəştli qaydada istifadə etmək üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Azərbaycanda formalaşan azad sahibkarlıq mühiti respublikamızın sosial-iqtisadi inkişafına böyük töhfə verir. Eyni zamanda iş adamları hər addımda dövlətin dəstəyini hiss edirlər. Məhz dövlət dəstəyi və əlverişli biznes mühiti sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla ölkəmizin inkişafına mühüm təsir göstərir. Fərəhlə qeyd etməliyik ki, sahibkarlar da dövlət dəstəyinə adekvat olaraq öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəmizin inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması işində fəal iştirak edirlər.

 

Şirzad ABDULLAYEV,

İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru