212 Arxiv
Xəbərlər

Geri

Kiçik sahibkarlığın dəstəklənməsi tədbirləri davam etdirilir 06.04.2012 / Konfranslar, iclaslar

 

Aprelin 6-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Gəncə şəhərinin Sadıllı qəsəbəsində keçirmişdir. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 120-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit ayrılmış Gəncə şəhərində "NEON" firmasının müasir taxıl anbarı kompleksinin fəaliyyətinə, firmanın müasir çörək zavodunda və "İnter-Pak" MMC-nin meyvə şirələri və kənd təsərrüfatı məhsullarının emalı müəssisələrində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Gəncənin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir quşçuluq kompleksinin, toxuculuq fabrikinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya  layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmışdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rafiq Şəfiyev son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir. Bildirilmişdir ki, regionların iqtisadi mənzərəsinin dəyişməsində, istehsalın genişlənməsində uğurla həyata keçirilən regional dövlət proqramlarının xüsusi əhəmiyyəti vardır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu vurğulamış, Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Gəncə şəhərində həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Gəncə şəhərində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ilin əvvəlindən Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 526 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manat, o cümlədən respublikanın regionları üzrə 470 investisiya layihəsinin maliyyələşdirilməsinə 44.4 milyon manat və Bakı qəsəbələri üzrə 56 investisiya layihəsinin maliyyələşdirilməsinə 5.6 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2200-dən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulmuşdur. Bu dövrdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 75 sahibkara 4 mln. manat güzəştli kreditlər verilmişdir. Bu layihələrin reallaşdırılması  400-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkarlıq subyektinə 739 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.