217 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbələrində güzəştli kreditlərin verilməsi davam edir 30.03.2012 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini martın 30-da Suraxanı rayonunun Bülbülə qəsəbəsində keçirmişdir. Tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına maliyyələşdirilmiş "Hövsan Quşçuluq" MMC-nin illik istehsal gücü 3 min ton quş əti və 18 milyon ədəd əmtəəlik yumurta olan müasir quşçuluq (broyler) təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət başçısının Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmiş, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər  barədə məlumat vermişlər.

 

Zaur Qasımov həmçinin, Azərbaycan Respublikası Prezidentinin "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanına əsasən, yaradılmış www.icazeler.gov.az saytı barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, bu internet portalı sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan növbəti addım olmaqla, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha bir təzahürüdür. Sayt informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edəcəkdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, 2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 258 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 28 layihənin maliyyələşdirilməsinə 40,4 milyon manat güzəştli kredit verilmişdir. Yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən illik istehsal gücü 10,7 min ton faraş tərəvəz məhsulları, 9,8 milyon ədəd dekorativ bitkilər olan 3 müasir istixana təsərrüfatı, illik istehsal gücü 46,1 min ton çörək olan 2 müasir çörək istehsalı müəssisəsi və illik istehsal gücü 2,6 min dəst mebel olan mebel fabriki artıq istifadəyə verilmişdir. Ümumilikdə isə, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 502 investisiya layihəsinin maliyyələşdirilməsinə 49,5 milyon manat, o cümlədən respublikanın regionları üzrə 455 investisiya layihəsinin maliyyələşdirilməsinə 44 milyon manat və Bakı qəsəbələri üzrə 47 investisiya layihəsinin maliyyələşdirilməsinə 5,5 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2183 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir çərçivəsində Suraxanı rayonunun, o cümlədən tədbirin keçirildiyi Bülbülə qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, kiçik və orta həcmli istixana təsərrüfatlarının, kiçik və orta həcmli zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələrin nümunələri və digər metodiki materiallar paylanmışdır.

Tədbir zamanı müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 17 sahibkarlıq subyektinə 257 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 45 yeni iş yerinin yaradılması nəzərdə tutulur.