248 Arxiv
Xəbərlər

Geri

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir Göygöl rayonunda keçirilmişdir. Aqrar sahədə fəaliyyət göstərən sahibkarlara 597 min manat güzəştli kredit verilmişdir 16.03.2012 / Konfranslar, iclaslar

Martın 16-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Göygöl rayonunun Balçılı kəndində keçirmişdir. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Samux rayonunda "Birlik-CZ" MMC-nin müasir istixana kompleksinin fəaliyyətinə, "NAA Universal" MMC-nin kənd təsərrüfatı məhsullarının emalı müəssisəsində avadanlıqların quraşdırılmasına və Göygöl rayonunun Hacıkənd kəndində sahibkar Ziyəddin Rəhimovun inşa etdirdiyi istirahət kompleksində aparılan son tamamlama işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Göygöl rayonunun, o cümlədən tədbirin keçirildiyi Balçılı kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan südlük istiqamətli müasir heyvandarlıq, müasir quşçuluq komplekslərinin, üzümçülük təsərrüfatlarının, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Göygöldə də yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunduğunu vurğulamış, Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Göygöl rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev aqrar sahənin, eləcə də üzümçülüyün inkişafı ilə əlaqədar Fond tərəfindən dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, həmçinin güzəştli kreditlər hesabına Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Göygöl rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ilin əvvəlindən ötən dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 406 investisiya layihəsinin maliyyələşdirilməsinə 41,3 milyon manat, o cümlədən respublikanın regionları üzrə 368 investisiya layihəsinin maliyyələşdirilməsinə 36,5 milyon manat və Bakı qəsəbələri üzrə 38 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,8 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin maliyyələşdirilməsi 1500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.

Verilmiş kreditlərin 984 min manatı Gəncə-Qazax iqtisadi rayonunun payına düşür. Bu kreditlər əsasən, sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm və digər sahələrə verilmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Göygöl və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 597 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərinin ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.