215 Arxiv
Xəbərlər

Geri

Pambıqçılığın inkişafına dövlət qayğısı gücləndirilir 07.03.2012 / Konfranslar, iclaslar

 

Martın 7-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Zərdab rayonunun Şıxbağı kəndində keçirmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak etmişdir.

Tədbir çərçivəsində Zərdab rayonunun, o cümlədən tədbirin keçirildiyi Şıxbağı kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan pambıqçılıq təsərrüfatlarının yaradılması, intensiv nar bağlarının, kiçik və orta həcmli meyvə-tərəvəz emalı və müasir çörək istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına verdiyi önəmin, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə göstərdiyi diqqət və qayğının nəticəsində istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırıldığını, yeni müəssisələrin və iş yerlərinin açıldığını qeyd etmiş, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının ölkənin bütün regionları kimi, Zərdab rayonunun da inkişafına təkan verdiyini vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını qeyd etmişlər. Çıxış edənlər Aran iqtisadi rayonunda, o cümlədən Zərdab rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Aran iqtisadi rayonunda, o cümlədən Zərdab rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 301 investisiya layihəsinin maliyyələşdirilməsinə 39,9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 267 investisiya layihəsinin maliyyələşdirilməsinə 35,1 milyon manat və Bakı qəsəbələri üzrə 34 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,8 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 1230-a yaxın yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "Pambıqçılıq haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğun olaraq aqrar sektorun, o cümlədən pambıqçılığın inkişafı üzrə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına son 3 ildə pambıqçılığın inkişafı ilə bağlı 41 sahibkara 421,5 min manat güzəştli kredit verilmişdir. Bu layihələr hesabına 130-dan çox yeni iş yeri yaradılmışdır. Ölkəmizdə "xammaldan son məhsuladək" prinsipinə əsaslanan emal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Müasir texnologiyaların tətbiqi ilə Sumqayıtda illik gücü 6,5 milyon metr parça istehsalı və 10 min ton parça boyama gücü olan yüngül sənaye məhsullarının istehsalı fabrikləri də bu qəbildəndir. Müəssisənin yaradılması üçün Fond tərəfindən 10 milyon manat güzəştli kredit verilmişdir. Hazırda müəssisədə tikinti-quraşdırma işləri davam etdirilir.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılmış, müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərinin ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.