Geri
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 22-də Xəzər rayonunun Zirə qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Xəzər rayonu, Zirə qəsəbəsində sahibkar Bəşir Quliyevə məxsus müasir istixana kompleksinin fəaliyyətinə və Sona İmanovaya məxsus müasir istixana kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.
Tədbirdə Xəzər rayonunun, o cümlədən tədbirin keçirildiyi Zirə qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta həcmli müasir istixana və zeytunçuluq təsərrüfatlarının, çörək istehsalı müəssisələrinin, müasir zeytun emalı fabrikinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Kiçik həcmli belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmış, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, qəsəbə sakinləri adından ölkə başçısına minnətdarlığını bildirmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini diqqətə çatdırmış, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər barədə məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu ilin əvvəlindən Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 257 investisiya layihəsinin maliyyələşdirilməsinə 30.9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 227 investisiya layihəsinin maliyyələşdirilməsinə 26.1 milyon manat və Bakı qəsəbələri üzrə 30 investisiya layihəsinin maliyyələşdirilməsinə 4.8 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin rellaşdırılması 1000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcəkdir. Dövlət Proqramının qəbulundan indiyədək güzəştli kreditlər vəsaitləri hesabına Bakı qəsəbələrində müasir tələblər əsasında qurulan 6 istixana kompleksi, 5 quşçuluq təsərrüfatı, 7 çörək istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmişdir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkarlıq subyektinə 372 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 40-dan çox yeni iş yeri yaradılacaqdır.
Bakı qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdiriləcəkdir.